Ölkə

“AGAT-ın hədəflərini inkişaf etdirəcəm”

Məryəm Tağıyeva: “Biz istəyirik ki, gənclər müasir dövrün çağırışlarına cavab versin, İKT sahəsində biliklərini möhkəmləndirsin, onların beynəlxalq arenaya çıxışı mütəmadi xarakter alsın”

“AGAT-ın hədəflərini inkişaf etdirəcəm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məryəm Tağıyeva-Zeynalova: “Biz istəyirik ki, gənclər müasir dövrün çağırışlarına cavab versin, İKT sahəsində biliklərini möhkəmləndirsin, onların beynəlxalq arenaya çıxışı mütəmadi xarakter alsın”

Xəbər verildiyi kimi, bugünlərdə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) növbəti Ümumi Yığıncağında Məryəm Tağıyeva-Zeynalova quruma yeni sədr seçilib. Məryəm Tağıyeva-Zeynalova AGAT-ın yeni hədəfləri ilə bağlı “Palitra”ya müsahibə verib. Xatırladaq ki, AGAT-ın yeni siması Məryəm Tağıyeva-Zeynalova 2010-2014-cü illərdə Bakı Dovlət Universitinin Tətbiqi riyaziyyat fakültəsini bitirib. Magistratura təhsilini Brianiyanın Uorvik Universitində davam etdirib. Ali məktəbin Siyasi Beynəlxalq Tədqiqatlar fakültəsinin məzunudur. 2012-ci ildən AGAT-ın üzvüdür. Təşkilatın Beynəlxalq Gənc Siyasətçilər Məktəbinin layihə koordinatoru olub, 10-dan çox Avropa ölkəsində Azərbaycanı layiqincə təmsil edib.

– AGAT bir çox gənclər üçün, bir növ, ictimai fəaliyyət məktəbi rolunu oynayıb. Yəqin ki, siz də elə bu məktəbin nümayəndəsisiniz…

-Əlbəttə! AGAT-a 2011-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin I kurs tələbəsi olaraq gəlmişəm. Məktəb illərindən bəri daim sosial cəhətdən fəal olmuşam, ictimaiyyətin xeyri naminə öz fəaliyyətimin gerçəkləşməsi məqsədilə müvafiq platformanın axtarışında olmuşam. Gülsel Səfərovanın sədrliyi dövründə AGAT-ı tapdım. 1 ay keçmədən anladım ki, mənim axtardığım gənclər platforması elə bu imiş. 2012-ci ildən bəri təşkilatın fəal üzvü olmaqla, Gülsel Səfərovanın təcrübəsi və peşəkarlığı sayəsində və onun rəhbərliyi ilə Azərbaycanı yerli və xarici layihələrdə təmsil etməklə və həmin layihələri koordinasiya etməklə əvəzolunmaz təcrübə qazandım və gələcək karyeramı məhz bu cür müəyyənləşdirə bildim. 2014-cü ildə Böyük Britaniyadakı Uorvik Universitetinin Siyasət və beynəlxalq münasibətlər fakültəsinə daxil olmuş və həmin universitetdə riyazi vasitələrin siyasi məsələlərdə istifadəsi ilə bağlı araşdırmalar aparmışam. Magistratura pilləsini bitirdikdən sonra Böyük Britaniyanın elmi-tədqiqat mərkəzində analitik vəzifədə işləmiş və qeyri-maddi dəyərlərin müxtəlif cəmiyyətlərə olan təsirini tədqiq etmişəm. 2016-cı ildə texnologiya sektoruna qayıdıb, qeyri-maddi dəyərlərin rəqəmsallaşdırılması və blokçeyn reyestrinin köməkliyi ilə həm maddi, həm də qeyri-maddi dəyərlərin onlayn köçürülməsi imkanlarını araşdırmışam. Bu günədək texnoloji sahədə fəaliyyət göstərirəm, məqalələrim isə mütəmadi olaraq elmi və elmi-kütləvi jurnallarda dərc edilir. Artıq həmin ildə AGAT-da fəallığı, kreativliyi ilə seçilən Nərgiz Xələf sədr seçilmişdi. Çalışırdım ki, imkanın çərçivəsində AGAT-ın fəaliyyətində və gənclərin inkişafı istiqamətində yaxından iştirak edim. Bu proses AGAT-a doğma olan Lalə Mehdiyevanın sədrliyi dövründə də davam etdi.

– AGAT rəhbərliyi hər zaman xaricdə keçirilən əksər beynəlxalq tədbirlərdə aktiv şəkildə Azərbaycanı təmsil edib. Bu, AGAT-çıların, demək olar ki, əsas missiyasıdır. Bu gün xaricdəki tədbirlərdə ölkəmizi layiqli təmsil edəcək gənclər ordusunun yaradılması və informasiya müharibəsində mübarizə aparacaq gənclərin formalaşması üçün AGAT tərəfindən hər hansı kursların keçirilməsi nə dərəcədə mümkündür?

-Düşünürəm ki, uğur qazanmağın əsas amillərindən biri xarici dil bilikləridir. Hazırda AGAT-da Etika Akademiyası fəaliyyət göstərir. Onun rəhbəri bu sahədə ilkə imza atan Günel İbrahimdir. Burada biz müntəzəm olaraq həm dil, həm də müxtəlif peşəkar kurslar təşkil edirik. Üstəlik, kurslar üçün akkreditasiya xarici qurumlardan keçir. Məsələn, hal-hazırda Akademiyada Maliyyə Meneceri İnstitutunun (Institute of Certified Financial Managers) insan resursları (HR) diplomunu əldə edə bilərsiniz. Yaxın gələcəkdə isə yeni texnologiya kurslarının başlanması planlaşdırılır. Biz istəyirik ki, gənclər müasir dövrün çağırışlarına cavab versinlər, İKT sahəsində biliklərini möhkəmləndirsinlər, gənclərin beynəlxalq arenaya çıxışı mütəmadi xarakter alsın. Çünki bu həm də dövlət gənclər siyasətinin tərkib hissəsidir.

– Rəhbər olaraq, AGAT üçün nə kimi yeni hədəflər müəyyən edəcəksiniz?

-Təşkilatımızın əsas məqsədi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətinə dəstək olmaqdır. İkinci məqsədimiz Avropa ölkələri ilə əməkdaşlıq, qarşılıqlı faydalı təcrübə, bilik və mədəniyyət mübadiləsidir. Bizim vəzifəmiz azərbaycanlı və xarici gənclər arasında ikitərəfli dialoqun təşviqi və dəstəklənməsidir. Bu məqsədlə AGAT müxtəlif səfirliklər və beynəlxalq təşkilatlarla mütəmadi olaraq sıx əlaqələr saxlayır, müvafiq tədbirlər təşkil edir. Ayrıca, AGAT hər zaman gənclərin maarifləndirilməsinə, onların inkişafına xüsusi diqqət yetirir. Mən də öz növbəmdə bu hədəfləri inkişaf etdirməyi planlaşdırıram, habelə texnologiya sektorundakı təcrübəmə əsaslanaraq, texniki sahədə bacarıqlı gənclərimizin elmi səylərinin inkişafına təkan verməyə çalışacağam. Azərbaycan dünyaya Lütfizadə və Landau kimi böyük elm adamlarını bəxş etmiş ölkədir. İnanıram ki, Azərbaycanın gələcək Nobel mükafatçısı məhz AGAT-ın yetirmələrindən biri olacaq.

 

DiasporPress.az