Avstraliya və Yeni Zelandiyadakı diasporun iştirakı ilə videokonfrans keçirilib
16 May, 16:53   |    Baxış sayı: 842

Avstraliya və Yeni Zelandiyadakı diasporun iştirakı ilə videokonfrans keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü əsasında Avstraliya İttifaqı və Yeni Zelandiyada fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərləri və nümayəndələri ilə videokonfrans təşkil edilib.

Virtual tədbirdə Avstraliyanın Sidney və Melburn şəhərlərindən Avstraliya-Azərbaycan Assosiasiyasının sədri Mikayıl Oyta, Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımov, Qrinviç (Greenwitch) Menecment Kollecinin birinci kurs tələbəsi Ülvi Musayev, Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvləri Nicat Hacıyev və Rauf Şükürov, iş adamı Xuraman Armstronq, Yeni Zelandiyadan Daşınmaz Əmlak Şirkətlər Qrupunun sahibi Tofiq Məmmədov, "Azəri" Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudov və Dövlət Komitəsinin məsul əməkdaşları Fuad Kərimov, Fuad İsmayılzadə, Gülmira Vəliyeva iştirak ediblər.

Müzakirələr zamanı COVID-19 pandemiyası ilə əlaqədar yaranmış vəziyyətin soydaşlarımızın yaşayış tərzinə və fəaliyyətinə olan təsirlərdən, diaspor təşkilatlarımız arasındakı münasibətlərdən, soydaşlarımızın fəallığından, postpandemiya dönəminə hazırlıqdan və gələcək planlardan danışılıb.

Qeyd edilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrin gücləndirilməsi və intensivləşdirilməsi soydaşlarımızın daha mütəşəkkil və sistemli şəkildə fəaliyyət göstərməsi baxımından olduqca vacibdir.

Tədbir zamanı Avstraliya və Yeni Zelandiyada Azərbaycan, xüsusilə də Qarabağ xalçalarının sərgilərinin təşkil olunması, eləcə də Avstraliya hökumətində və parlamentində Azərbaycan əsilli soydaşlarımızın təmsil olunması imkanları barədə müxtəlif təkliflər səsləndirilib.

Sonda Dövlət Komitəsinin yaranmış durumda müxtəlif diaspor təşkilatları ilə videokonfranslar təşkil etməsi təqdir edilib və bu cür görüşlərin davamlı keçirilməsinin məqsədəuyğun olduğu bildirilib.