Azərbaycanda İİV-ə yoluxanların 43,6%-i narkomandır
03 Avqust, 16:07   |    Baxış sayı: 69

Azərbaycanda İİV-ə yoluxanların 43,6%-i narkomandır

İİV infeksiyasının ölkədə yayılması əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri hesabına baş verir.

Diasporpress.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2018-ci ilə dair hesabatında qeyd olunub. 

Bildirilib ki, Azərbaycan vətəndaşları arasında 2018-ci il ərzində İİV-ə yoluxma hallarının 16,4%-i, ümumiliklə isə 1992-2019-cu il tarixədək yoluxma hallarının 43,6%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7408 nəfərdən, 3183 xəstə, inyeksion narkotik istifadəçiləri olublar ki, onların da 2516 nəfəri (79%) dispanser qeydiyyatına götürülüb. 

Eyni zamanda qeyd olunub ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2018-ci ildə aşkarlanmış 630 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 103 (16,4%) nəfər İNİ-lər olub. Onların 59 nəfəri Respublika QİÇS-lə Mübarizə Mərkəzində dispanser qeydiyyatına götürülüb, digərləri isə Әdliyyə Nazirliyinin Tibb Baş İdarəsi vasitəsilə aşkarlanıb və hazırda penitensiar xidmət müəssisələrində müşahidə olunurlar. 

Diasporpress.az