Ölkə

Bal ayı – Yaşar Süleymanlının yeni hekayəsi

Yaşar Süleymanlının yeni hekayəsi

Bal ayı – Yaşar Süleymanlının yeni hekayəsibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, əlindəki içki şüşəsini başına çəkib şüşənin dibindəki son damlaları da acgözlüklə içdikdən sonra bir xeyli gözlərini qıyıb boş şüşəyə baxdı və, ləpələri ayaqlarına qədər gəlib çatan, dənizə tərəf fırlatdı.

Gecədən xeyli keçməsinə baxmayaraq dolunay dənizin sularında bərq vuraraq ətrafı qəribə, sarımtıl işığa bürümüşdü. Bu işiğin fonunda onun kölgəsi əcayib bir varlıq təsviri yaradırdı. Kənardan baxan olsaydı, bu qaraltının insan və ya hər hansısa bir heyvan olduğunu ayırd edə bilməzdi.

Ucsuz-bucaqsız sahildə ondan başqa bir kimsə yox idi. Yarıçılpaq, sərxoş halda eləcə saatlar idi ki, oturduğu yerdə bükülüb qalmışdı. Ətrafa bir ölüm səssizliyi çökmüşdü, və yalnız bir-birini qovan dalğalar, sahilə dəyib geri qayıdaraq, bu səssizliyi pozurdu.

Ürəyi möhkəm sıxılırdı. Bu sıxıntıdan qurtulmaq üçün edə biləcəyi heç bir şey yox idi.

Başını göyə qaldırıb gözlərini qıyaraq aya tamaşa etməyə başladı. Bir müddət, gözlərini belə qırpmadan, baxdı, baxdı… Gözlərindən yaşlar gillənərək yanağı boyunca süzülməyə başladı.

Yenə onu xatırlamışdı. Xatırlamışdı deyəndə ki, heç unutduğu bir an belə olmamışdı. Gördyü hər şeydə: canlı, cansız nəyə baxsa, hara baxsa yalnız və yalnız onu görürdü.

Bu neçə gündə demək olar ki, ayıq bir günü belə olmamışdı. Səhərdən axşama kimi, bir ucdan boşaltdığı içki şüşələri və köz-közə caladığı siqaretlərin tüstüsü ilə özünü ovundurmağa çalışırdı. Amma bu cəhdləri boş və nafilə idi. Əksinə, siqaret və içkilər od tutub yanan qəlbinin atəşini birə-min artırıdılar. Unutmaq, bu əzabdan xilas olmaq yerinə, olub bitənlər bir film kimi gəlib gözlərinin önündən keçirdi.

Ağzı zəhər tuluğuna dönmüşdü. Boğazını arıtlayıb zorla udqundu. Başını qaldırıb yenə də səmada bərq vuran aya baxmağa başladı. Birdən, ayın saçları uzanaraq sapsarı ipək kimi tellərə dönüşdü, dəniz mavisi rəngdə gözəl gözləri yarandı, qıp-qırmızı dodaqlarının arasından inci kimi dişləri parladı. Bir sözlə, ay onun gözlərində, onu tərk edib gedən sevgilisi Sonaya döndü.

Bir müddətdə beləcə gördüyü qarabasmaya tamaşa etdikdən sonra, yenidən boğazını arıtlayıb, ayın Sonaya dönmüş üzünə lomba ilə tüpürdü. Lakin bir neçə saniyyə sonra dənizdən gələn meh öz tüpürcəyini onun öz sifətinə yapışdırdı. Bu tüpürcək bumeranqından sonra bütün sərxoşluğu bir andaca yoxa çıxdı. Əlinin arxası ilə üzünü silə-silə Sonanın ünvanına yeddi mərtəbəli söyüşlər yağdırmağa başladı.

Əslində hər şey bu tüpürcək kimi çox ani və gözlənilmədən başlamışdı onun üçün. Tam bir təsadüf nəticəsində Sona ilə tanış olmuş, ilk baxışdanca bir könüldən min könülə ona vurulmuş, necə deyərlər, eşqinin qulu-köləsi olmuşdu. Sona isə bu köləlik durumundan çox məharətlə istifadə etmiş, nazı, çilvəsi ilə onun boş damarını tutaraq ürəyi istədiyi hər şeyi aldırmış, dilədiyi hər şeyi etdirmişdi. Ta ki, toy günlərinin təyin olunmasına qədər, Sona “Cülyetta” rolunu məharətlə oynamağa davam etmişdi. Hətta onun indi yapayalnız oturduğu bu sahili, gün ərzində, demək olar ki, heç baş çəkmədiyi oteli belə Sona seçmişdi. Güya toydan sonra onlar bu oteldə bir ay bal aylarını yaşayacaqdılar, bu sahildə əl-ələ tutub bir-birlərinə eşq nəğmələri oxuyacaqdılar… Amma, sən demə, Sonanın planları başqa imiş.

Toya bir gün qalmış onun əl altında olan bütün pullarını, toy üçün alınmış bütün qızılları, bir sözlə əlinə keçən dəyərli hər nə varsa əkişdirərək, bir andaca qeybə çəkilmişdi. Onu ən çox yandıran isə – səhəri gün toya gələn qonaqların qarşısında suya düşmüş cücə balası kimi çarəsiz qalması olmuşdu. Tanıyan, tanımayan pıça-pıç salmışdılar ki “pay atonan, gör nə qədər qaz olasan ki, səni belə yolalar, səninsə heç ruhun da bunu duymaya”.

O, iki əli ilə başının ortasına möhkəm bir qapaz saldı və “İlahi, gör mən necə də axmaq olmuşam”, – deyərək öz-özünə donquldandı.

Artıq səhər açılmış, dolunay dünyanın o üzündə öz yatağına girərək yerini günəş xanıma təhvil vermişdi. Günəş xanım ay kimi nəzakətli deyildi. Ayın işığı nə qədər romantik və xoş idisə, günəşin şüaları da bir o qədər alovlu və dözülməz idi. Axı, o da hər xanım kimi öz gözəlliyindən məharətlə istifadə edərək yandırb-yaxmağa adətkar idi.

Üzünün yandığını, gözlərinin qamaşdığını hiss edib birtəhər gözlərini açmağa başladı. İçdiyi içkilərin təsirindən sahildəcə yatıb qalmışdı. Başının içində sanki təbil çalırdılar. Elə bil, beynindən gələn bu orkestr səsi qulaqlarından səsgücləndirici ilə ətrafa yayılırdı. Birtəhər ayağa qalxdı. Başı
çiyinlərinin üzərində durmur, ayaqları sözünə baxmaq istəmirdi.

Yox, özünü dənizin sularına atmasaydı ayılan deyildi. Çünki o bu proseduru artıq bir neçə gün idi ki, təkrar eləyirdi və hər dəfəsində də işinə yarayırdı.

“Həəə, Sona, bax, bu da bizim bal ayımız, gəl gör necədə möhtəşəm keçir…”, – deyərək səndirləyə-səndirləyə özünü dənizin sularına vurdu.

– Cavan oğlan, cavan oğlan! Siz nə edirsiniz, boğulacaqsınız!

Bu sözləri deyən gənc bir xanım, özünü suya vurub onun qolundan tutdu.

O, həqiqətən də boğulurdu. Bəlkə də bu gənc xanım yetişməsəydi elə boğulub öləcəkdi də.

Bir təhər xanımın əlindən tutub sahilə çıxa bildi. Qumun üstünə çöküb bir xeyli öskürdü. Ağzından köpük gəlirdi. Gözləri hədəqəsindən çıxacaq qədər böyümüşdü. Ürəyi elə sürətlə döyünürdü ki, deyərdin indicə sinəsini yarıb çölə çıxacaq.

– Cavan oğlan, yaxşısınızmı, özünüzə gəldinizmi? Bəlkə həkim çağıraq? – tanımadığı xanım onu sual atəşinə tutdu.

– Yox, heç bir şey lazım deyil, yaxşıyam, narahat olmayın! – deyə bildi və huşunu itirdi.

Gözlərini xəstəxanada açdı. Həmin xanım otaqdakı kətildə dinməzcə oturub ona baxırdı.

– Özünüzə gəldinizmi? Yaman qorxutdunuz məni, – deyərək gülümsədi.

Sarışın, mavi gözlü bu xanım bir qədər Sonaya oxşayırdı. Bəlkə də ona elə gəlirdi, bəlkə də bu xanımın yerində Sonanı görmək istədiyindən ona oxşadırdı.

– Necəsiniz indi? Növbətçi həkimi çağırımmı?

– Yox, heç bir şey lazım deyil. Yaxşıyam, narahat olmayın, – deyə mızıldadı.

“Axı bu xanım kim idi, haradan gəlib ona rast olmuşdu? Yox, yox, əkiz bacı kimi Sonaya bənzəyir, bəlkə də heç bənzəmir, mənə elə gəlir” deyə düşündü.

– Adım Sonyadır.

O, xanımın bu sözünə diksinib yerindən atıldı və “Necə- necə, adınızı nədir dediniz” deyə hövlnak soruşdu.

– Sonya. Necə bəyəm, xoşunuza gəlmədi adım?

– Hə, Sonya… Əlbəttə, Sonya. Gözəl addır.

***

Ötən bu müddət ərzində o Sonya ilə xeyli yaxınlaşmış, bir-birlərinə bağlanmışdılar. O, Sonanı pis yuxu kimi tez bir zamanda unutmaq istəyirdi. Bəzən Sonya ona necə bənzəyirdisə az qalırdı boğazından yapışıb onu öldürsün. Amma Sonya Sona kimi deyildi. Anlayışlıydı, deyib-gülən şən bir qız idi. Onun qəm-qüssə yuva qurmuş üzünə gülüş bəxş etmiş, yaralı qəlbinə məlhəm olmuşdu Sonya.

Başına gələnləri Sonyaya danışan zaman, o, bütün bunları dəhşət içində dinləmiş, Sonanın ünvanına bəd dualar yağdırmış, bir qadın üçün oğurluğun, özü də belə bir oğurluğun ancaq şərəfsiz və alçaq adamın işi olduğunu bildirmişdi.

O, Sonyanı tanıdıqca, hardasa ürəyinin dərinliklərində Sonanın etdiyi alçaqlığa sevinirdi də. Çünki, belə təmiz, belə saf və gözəl xanımı Sonanın alçaqlığı nəticəsində tanımışdı.

Qəlbində Sonyaya qarşı ülvi hisslər baş qaldırmışdı. Onu yaxından tanıdıqca daha çox vurulur, daha çox bağlanırdı. Sonya da ona qarşı biganə deyildi. Hər halındən aşiq olduğu bəlli idi. Sonya da onun kimi uğursuz bir eşq yaşamışdı. O da bu sahilə, yaşadığı uğursuz eşqindən qurtulmağa, unutmağa gəlibmiş sən demə. Sonya ona öz hekayəsini ürək ağrısı ilə anlatmış, sonra da “nə yaxşı ki, elə belə oldu, əvəzində səni tanıdım və hər şeyə yenidən başlamağa bir ümidüm olduğunu anladım” demişdi.

Səhər onun bal ayının son günü idi. Sabah yenidən öz doğma şəhərinə dönməli idi. O, əslində heç dönməmək, ömrünün geridə qalan hissəsini elə buradaca, bu sahildəcə Sonya ilə keçirtmək istəyirdi.

O, çox düşündükdən sonra, üzünü Sonyaya tutub soruşdu:

– “Gəl əlaqələrimizi kəsməyək. Mən imkan olduqca sizin şəhərə gələrəm, sən isə bizim… Beləcə, tez-tez görüşərik. Hə, nə deyirsən?”
Sonya da elə buna bənd imiş kimi, özünü onun boynuna atıb möhkəmcə qucaqladı, üz-gözünü öpüşlərə qərq etdi:

– Mən səndən heç bir an belə ayrı qalmaq istəmirəm, mən sənə aşiq vurulmuşam. Söz verirəm ki, yalnız sənin olub sənə sadiq qalacağam.

İlahi, o necə də xoşbəxt idi! Elə xoşbəxt idi ki, ürəyində onu alçaqcasına tərk edən Sonaya təşəkkür belə etdi.

– Hə, əzizim, hə, gözəl Sonyam! Mən də sənə bir ömür sadiq qalacağıma, səni dünyanın ən xoşbəxti edəcəyimə söz verirəm, – deyib o da Sonyanı öpməyə başladı.

– Əzizm, gəl o zaman nə vaxt toy etsək bal ayımızı bu oteldə, bu sahildə keçirək. Nə deyirsən?

Sonya gözlərini onun gözlərinə dikdi.

– Əla fikirdir, əzizim. Niyə də olmasın! Axı, biz burada tanış olmuş, burada bir-birimizə bağlanmışıq. İndi də burada bir-birimizə sədaqət andı içirik.

O, ölü kimi gəldiyi bu yerdən indi təzə doğulmuş, qəm-qüssəssiz bir uşaq kimi ayrılırdı. İndi onun ürəyini gəmirən kədərin yerində yeni bir sevgi baş qaldırmışdı. Haraya getsə, haraya baxsa Sonanı deyil, Sonyanı görürdü…

***

Yenə o sahil, yenə o dəniz, yenə də dolunayın dənizə düşən sehirli sarı işığı… Bir əlində içki şüşəsi, bir əlində siqaret….

Bir il bundan əvvəl necə kədər dolu idisə, indi də eləcə, tək-tənha bal ayını keçirirdi bu sahildə.

“Lənətə gələsiniz! Hamınız eynisiniz, hamınız! Yalançı və xəyanətkarsınız! Gör mən kimə inanmşam?! Bir fahişəyə! Kül mənim başıma! Bu nədir belə? Həyatın bir oyunumu, fələyin qisasımı?”

Düşünürdü…. Sona onu toya bir gün qalmış soyub qaçmışdı, Sonyanı isə toydan iki gün əvvəl ən yaxın dostu ilə bir yataqda tutmuşdu. Bütün dünyası başına uçmuşdu o an. Hətta bu baxımdan, Sona Sonyadan daha qeyrətli, daha vicdanlı çıxmşdı. Ən azından ona xəyanət etməmiş, papağını yerə soxmamışdı.

Yenə toy üçün gələn qonaqların pıçıltısı qulaqlarında cingildəmişdi: “ Bu nə biabırçılıqdır, biri soyub qaçır, o biri dostu ilə buna buynuz taxır. Bu necə qazdır ki, hər qabağına çıxan bunu belə yolur?” Bir nəfər isə “Yəqin ki etdikləridir, qarşısına çıxır”, – deyə başını bulamışdı.

“Axı mən kimə nə etmişəm, kimə? Kimə nə pislik etmişəm ki, bu cür biabırçılıqlara, əzablara düçar oluram?!”

Karma qanunları haqqında oxuduqlarını yada salırdı: “Həyatda hər şey bir zəncir halqası kimi bir-birinə bağlıdır. Etdiklərin – yaxşı və pis əməllərin
gec-tez mütləq öz qarşına çıxacaqdır…”

O, suallarla özünü dara çəkir, beyninin qırışlarında gəzirdi. Birdən “Hə, xatırladım!” – deyərək dəli kimi bağırdı. Axı, mən o məsum, mənə bütün qəlbilə inanan o saf qızcığazın duyğuları ilə oynamış, istəyimə çatandan sonra isə, əclaf kimi tərk edərək gözlərini yaşlı qoymuşdum”.

O, başının ortasına ikiəlli elə bir qapaz saldı ki, şappıltısı bir neçə metr aralıdan da eşidilərdi.

İllər əvvəl, hələ bığ yeri təzəcə tərləyən vaxtlarında, ona aşiq olmuş Nurayı xatırladı. Özünün belə güclə eşidiləcəyi səslə pıçıldadı: “İlahi , necə də unutmuşam! Hə, hə, bax bütün bunlar Nurayın tökdüyü göz yaşlarıdır, çəkdiyi acılar, etdiyi nalələrdir ki, indi gəlib məni tapır. Necə deyərlər, nə əkərsən onu da biçərsən”.

O zamanlar onu eşq-məhəbbət maraqlandırmırdı. Ona lazım olan – Nuray ilə həvəsini öldürmək, ram edə bilmədiyi şəhvətini soyutmaq idi. Amma Nuray ona dəlilər kimi aşiq olmuş, verdiyi vədlərə aldanmış və bir gün də özünü onun qollarına atmışdı. Hər belə görüşdən sonra o günlərcə yoxa çıxar, zavallı qızın zənglərinə cavab verməz, itirib axtarmazdı, ta ki, yenidən şəhvət hissləri onu Nurayın yanına gətirib çıxardıncaya qədər. Hər dəfə də yazıq qızcığaz ona inanar, uydurduğu fantastik yalanlarına heyrət içində qulaq asardı. Eşq oyunları bitdikdən sonra isə yenidən gözləri yolda, qulağı səsdə qalardı.

Günlərin bir günü “bitdi” deyərək, heç bir səbəb göstərmədən onu həmişəlik tərk edib getmişdi. Sonralar ümumi tanışlardan Nurayın günlərcə yeyib-içmədiyini, intihara belə cəhd etdiyini eşidəndə isə arsız-arsız dişlərini ağardıb özlüyündə qürrələnmişdi də. “Gör mən necə oğlanam ki, mənim üçün qızlar özlərini fəda edirlər”, – deyə düşünmüşdü.

İndiki ağlı o zaman olsaydı, əsla bu axmaqlıqları etməzdi. Nurayın saf sevgisindən istifadə edib, duyğuları ilə oynamazdı.

Xatırlayırdı… günlərin birində, Nuray başını onun çiyninə qoyaraq jurnalda tapdığı şəkilləri göstərmiş, “Canım, toyumuzdan sonra buraya bal ayına gedərikmi? Gör necə də gözəl yerlərdir!” – demişdi. Həmin bu sahilin, indi qaldığı otelin şəkilləri idi onlar.

O: “Həyatın oyununa bir bax! Onunla gələ bilmədiyim bu sahilə heç kimlə gələ bilmirəm, onunla keçirə bilmədiyim bal ayını heç kimlə keçirə bilmirəm. Etmə-bulma dünyasıdır! Etttmə, ay axmaq, etttməəə! Etdinsə, çək cəzanı! Çəəkkk!” – deyib dəli kimi bağırdı. Yox, yox, mən mütləq Nurayı axtarıb tapmalıyam, yalvarıb ondan əfv diləməliyəm. Onunla evlənməli və bu oteldə, bu sahildə onunla bal ayımızı yaşamalıyam. Bu, onun arzusu idi, ona görə də başqa birisi ilə məndə heç nə alınmır. Bəs o məni əfv etməsə necə? Bəlkə məndən elə nifrət edir ki üzümə belə baxmayacaq? Yox, yox bağışlamaq sevənlərin adətidir. O məni mütləq bağışlayacaq. Mütləq!”

O, əlindəki içki şüşəsini yerə çırpdı. Üst-başının qumunu təmizləyərək tələsik addımlarla otelə doğru irəlilədi…

16.11.19.
Moskva

Bal ayı - Yaşar Süleymanlının yeni hekayəsi