David Rokefellerin MEMUARLARI kitabı haqqında– Şahbaz Xuduoğlunun yazısı
09 Dekabr, 14:23   |    Baxış sayı: 92

David Rokefellerin MEMUARLARI kitabı haqqında– Şahbaz Xuduoğlunun yazısı

"Əli və Nino” romanında bir səhnə var, Bakının zəngin insanları bir yerə toplaşıb, rusların növbəti hücumundan qorunmağı müzakirə edirlər: döyüşək, yoxsa təslim olaq...


İlk dəfə bunu oxuyanda mənə qəribə gəlmişdi. Bakının taleyini siyasi qüvvələr deyil, zəngin insanların qərarı müəyyən edirdi.
Yenicə nəşr etdiyimiz David Rokefellerin MEMUARLARI-nı oxuduqca, həmin səhnə dönə-dönə gözümün önündə canlanır, o insanlara rəğbətim daha da artır.


Rokefeller adı nədənsə həmişə köhnə adamları qıcıqlandırıb. Sovetlərin anti-Amerika, despot rejimlərin anti-demokratiya təbliğatı bu ada qarşı ikrah hissi yaradıb. ONLARA elə gəlirdi ki, SSRİ-də pisliklər, İraq-İran müharibəsi, bitməyən Yəhudi-Ərəb qarşıdurması, Cənubi Amerikada baş verən inqilablar, İran şahının hakimiyyətə gəlib-getməsi, Afrikada aclıq və sair, başqa dağıdıcı fəaliyyətlərin hamısı bu uzun əlli ailənin mənfur əməyidir.


MEMUARLAR vasitəsi ilə mən öz qlobal biznesini dördüncü nəslinə ötürmüş möcüzəli və qüdrətli ailəni özüm üçün yenidən kəşf etdim.
Ohio ştatının Cleveland şəhərində parça dükanında kargüzar kimi həftəlik 5 dollar qazanan Con Rokefeller (Baba) 1870-ci ildə Standard Oil şirkətini yaradır və artıq 1911-ci ildə bu şirkət ABŞ-ın bütün neft sənayesini təşkil edirdi. Sonra anti-inhisar qanununa əsasən Standard Oil parçalandı və yerində Exonn, Shevron, Amoco kimi 30-dan çox yeni şirkətlər yarandı. Baba Rokefeller ABŞ-ın ilk rəsmi milyarderi oldu, onun sərvəti durmadan artırdı.
Həmin vaxt onun biznesi Amerika iqtisadiyyatının 2%-ni təşkil edirdi.


Çoxları Baba Rokefellerin sərvətini qar uçurumuna bənzədirdi. "Bir gün uçub Rokefelleri altına salacaq”. Babanın isə planı qız və oğlan övladlarına özlərini rahat hiss etdikləri qədər sərmayə ayırmaq, qalanını isə xeyriyyə işlərinə xərcləmək idi.


Lakin "Ludlow qırğını” adlanan faciə baş verəndən sonra onun fikri kökündən dəyişdi. Coloradada Rokefellerə məxsus kömür mədənlərində üsyan baş verdi. Etirazçılar və federal qüvvələr arasında baş verən qarşıdurmada xeyli insan yaralandı, ölənlər oldu. Rokefellerlər ailəsi qatil kimi cəmiyyətin hədəfinə tuş gəldi.


Buna baxmayaraq, ailə Ludlow sınağıdan çıxa bildi. Özü də yeni liderlə. Bunu görən Baba Rokefeller tədricən öz varidatını oğluna - Oğul Rokefellerə ötürməyə başladı. O artıq əmin idi ki, 41 yaşı olan varisi buna hazırdır.


Baba Rokefeller 1937-ci il mayın 15-də vəfat etdi.


O vaxta qədər bütün varidatını oğul Rokefellərə ötürə bilmişdi. Həm də 1890-cı ildə Çikaqo Universitetini, 1901-ci ildə Rokefeller Tibb Araşdırmalar İnstitutunu tikdirməklə, təhsil məsələləri ilə bağlı fondlar yaratmaqla tarixdə ən böyük xeyriyyəçi adına sahib olmuşdu.
"Birinə pul verməklə ona asanlıqla ziyan vurmaq olar”.


Bu da ona məxsus məşhur ifadədir. Xərclədiyi hər bir qəpiyi qeydə alınan "Xeyriyyə kitabı” bu gün də Dövlət arxivində qorunur.
Nyu-Yorkun 5 və 6-cı küçələri Ulu Rokefellerin zamanında salınıb. Nyu-Yorkda o vaxtdan tikilən çox az bina var ki, orda Rocefellerin əməyi olmasın.


Oğul Rokefeller milyonçunun oğlu olmaqla özünü harın his etmədi, əksinə daha iri miqyaslı şəxsiyyətin izi ilə addımlayan biri oldu.
David Rokefellerin MEMUARLARI əslində, adından göründüyü kimi şəcərədən daha çox öz həyatından bəhs edir. Hələ də dünyanın ən böyük bankı olan Chase bankının İdarə Heyətinin rəhbəri kimi 35 il ərzində 103 ölkədə olub, 200-dən çox dövlət başçısı ilə görüşüb.


Kitabda xüsusi diqqət çəkən məqam onun Xruşovla dialoqudur. Dövrünün ən qəddar diktatoru adlandırdığı Səddam Hüseynlə söhbəti, Misirin prezidenti müştəbeh Sadatla görüşü, var-dövlətdən və aşırı səlahiyyətdən başını itirmiş Rza Şahın halına acıması… Bütün görüşlərdə o Chase-in rəhbəri deyil, Amerika dövlətinin təmkinli və ağayana təmsilçisi kimi danışırdı.


Tarix çoxlu milyarderlər, rəhbərlər görüb, özlərindən sonra yalnız qanlı izləri qalıb. Rokefellerlər elə bir irs yaradıblar ki, hələ də öncül rollarını davam edirlər. Əzmlə və çaşmadan, səhv etmədən...


Böyük pullara sahiblənmək hələ böyük olmaq deyil. Böyük odur ki, onun yaratdığından milyonlar faydalansın. Elə bir irs qoysun ki, sel gələndə silib aparmasın. Neçə ki, onu "Əli və Nino” əsərində o məşhur səhnədəki milyonçularımız yarada bildilər. Neçə ki onu Rokefellerlər bacardılar.

David Rokefellerin MEMUARLARI kitabı haqqında– Şahbaz Xuduoğlunun yazısı