Diasporla İş üzrə Dövlət Komitəsində yaradılan qərargah 24 saat işləyir
16 Mart, 10:31   |    Baxış sayı: 936

Diasporla İş üzrə Dövlət Komitəsində yaradılan qərargah 24 saat işləyir

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edərək bildirir ki, dünyanın bir çox ölkələrində koronavirusun yayılması ilə əlaqədar Dövlət Komitəsində yaradılan operativ qərargah 24 saat işləyir.

Xaricdə yaşayan azərbaycanlılarla əlaqəni daha da möhkəmləndirmək üçün bir neçə gündür yaradılan www.diaspora.support və [email protected] ünvanları aktivdir. İndiyə qədər bu elektron ünvanlarına xaricdən onlarla müraciət daxil olub və müraciətlər operativ cavablandırılıb. Soydaşlarımız www.diaspor.gov.az saytına daxil olaraq qeyd olunan məsələlərlə bağlı ətraflı məlumat ala bilərlər.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edərək bildirir ki, dünyanın bir çox ölkələrində virusun yayılması ilə əlaqədar Dövlət Komitəsi Azərbaycanlıların Koordinasiya Şuraları, Azərbaycan evləri, diaspor təşkilatları və fərdi şəxslər vasitəsilə xaricdə yaşayan soydaşlarımızla bağlı mütəmadi olaraq informasiyalar əldə edir, onların vəziyyəti ilə maraqlanır, maarifləndirici tövsiyələr verir və bütün mümkün vasitələrdən istifadə edərək soydaşlarımıza mənəvi dəstək olmağa çalışır. Xüsusilə də, virusun geniş yayıldığı, xeyli sayda azərbaycanlının məskunlaşdığı və təhsil aldığı ölkələrdə yaşayan həmvətənlərimiz Azərbaycan dövlətinin, o cümlədən Dövlət Komitəsinin diqqət mərkəzindədir.

Soydaşlarımızdan xahiş olunur ki, qeyd edilən mövzuda hər hansı bir problem və ya çətinliklə bağlı Komitənin sosial şəbəkə hesabları, elektron poçt ünvanı, həmçinin digər elektron ünvanlarına müraciət etsinlər.

Öz səlahiyyət və imkanları çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi hər bir həmvətənimizə kömək etməyə hazırdır. Həmçinin tövsiyə olunur ki, azərbaycanlılar yaşadıqları ölkələrin hökumətlərinin koronavirusla bağlı qəbul etdiyi qayda və tələblərə ciddi əməl etsinlər.

Dövlət Komitəsi Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və Nazirlər Kabineti yanında Operativ Qərargahla (Qaynar xətt: +994-1542) intensiv əlaqə saxlayır.