İsrail və Azərbaycan - Sarsılmaz strateji tərəfdaşlıq
16 İyun, 10:54   |    Baxış sayı: 4752

İsrail və Azərbaycan - Sarsılmaz strateji tərəfdaşlıq

İyunun 2-də, "The Jerusalem Post" və digər KİV-nin yaydığı məlumata görə, İsrail Aerokosmik Sənayesi (İAS) bərk yanacaqla işləyən birpilləli ballistik LORA (Uzaq mənzilli Artilleriya Raketi) əməliyyat-taktiki raket sisteminin sınaqlarının uğurla başa çatdığını elan etdi.
 
Xarici KİV-nin məlumatına görə, İAS Azərbaycana raketləri 2018-ci ildə göndərib və 2020-ci ildə onlar sınaqdan keçiblər.
 
"Yeni raketlər bir qədər fərqli xüsusiyyətlərə malikdir; buna baxmayaraq, şirkət Ermənistanla müharibə aparan respublikada bügünədək yoxlanılmamış ölümcül raketləri sınaqdan keçirmək istəyirdimi?”, xarici KİV bildirir.
 
Azərbaycanın İsrailin bu raketləri satdığı ilk və yeganə ölkə olduğunu vurğulamalıyam. İsrail-Azərbaycan münasibətləri dövlətlərarası etimada söykənən və davamlı qarşılıqlı dialoqun ən yüksək səviyyəsində qurulan strateji və hərbi-texniki tərəfdaşlıq xarakteri daşıyır.
 
Bu gün bu strateji tərəfdaşlıq iqtisadiyyatın digər sahələrinə, o cümlədən kənd təsərrüfatı, yüksək texnoloji, səhiyyə və hərbi-texniki tərəfdaşlıq istiqamətlərində genişləndirilib. Qeyd etmək lazımdır ki, dünya bazarında İsrail dövləti Azərbaycanın əsas strateji neft alıcılarından biridir.
 
Eyni zamanda, İsrail mütəxəssisləri uzun illərdir ki, Azərbaycanda müxtəlif sahələrdə çalışırlar. İsraildə İsrail cəmiyyətinə inteqrasiya edən və Azərbaycanı ləyaqətlə təmsil edən böyük bir azərbaycanlı icması var.
 
LORA raket sistemlərinə gəldikdə isə, 2004-cü ilin mart ayında bir qədər yeni, modifikasiya olunmuş ballistik raketin Aralıq dənizində sınaqlardan uğurla keçdiyini və sonradan İsrail Müdafiə Qüvvələri tərəfindən istifadəyə verildiyini vurğulamaq lazımdır. İsrailin raketləri sınaqdan keçirmədən Azərbaycana satdığını iddia etmək düşüncəsiz və yersizdir, qeyri-peşəkarlıqdan xəbər verir. Bundan əlavə, Azərbaycanın aldığı hər bir silah Azərbaycan Silahlı Qüvvələri tərəfindən ciddi sınaqlardan keçməlidir.
 
Qeyd edək ki, İsrail hərbi-sənaye müəssisəsində Müdafiə Nazirliyinin tam nəzarəti altında fəaliyyət göstərən çox ciddi mütəxəssis heyəti çalışır.
 
Azərbaycan Silahlı Qüvvələri güclü, müasir və yaxşı silahlanmış, intizamlı döyüş hazırlığı və ən yüksək səviyyəli döyüş ruhuna malikdir. Bundan əlavə, unutmayaq ki, müasir dövrdə baş verən müharibələrdə daha qabaqcıl texnoloji vasitələrə sahib olma uğurlu hərbi əməliyyatlara təminat verir.
 
İyirmi ildən çoxdur ki, İsrail-Azərbaycan tərəfdaşlığı iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı ilə inkişaf etmişdir. İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Avrasiyakı ölkələrin heç birinin İsraillə Azərbaycan qədər yaxın və dost əlaqələri yoxdur. Bunun səbəblərindən biri də Azərbaycanda yaşayan yəhudilərlə azərbaycanlılar arasında uzun müddə davam edən dostluq münasibətləridir.
 
Bu gün Azərbaycan güclü, müstəqil dövlətdir, Cənubi Qafqazda lider ölkədir. Azərbaycan Ankara və ya Tehranın xarici siyasətindən asılı olmayan çoxşaxəli xarici siyasət yürüdür. Mümkün geosiyasi maneələrə baxmayaraq, İsrail və Azərbaycan güclü və sarsılmaz tərəfdaşlıq qura biliblər.
 
2016-cı ilin dekabr ayında Bakıya rəsmi səfəri zamanı Baş nazir Benyamin Netanyahu İsrail-Azərbaycan əlaqələrini dünyaya nümunə göstərərək, dövrümüzdəki dözümsüzlük şəraitində Azərbaycanın müsəlmanlarla yəhudilər arasında yaxşı münasibətlərin ola biləcəyi və olmalı olduğunu sübut etdiyini bildirib.
 
Azərbaycan İslam dünyasında İsraillə yalnız müttəfiq və strateji tərəfdaş deyil, eyni zamanda dinlərarası və millətlərarası tolerantlıq nümunəsidir.
 
Əhalinin əksəriyyəti şiə müsəlmanları olan Azərbaycanda zərdüştlük, xristian və yəhudi icmaları da daxil olmaqla bir sıra digər etnik və dini qruplar da yaşayır. Milli azlıqlar arasında tolerantlıq və birgə yaşayış Azərbaycanın qədim İpək Yolu dövründən tutmuş 21-ci əsrə qədər müasir dövrdə tərəqqisində mühüm rol oynamışdır.
 
Bir çox ölkələrdən və etnik qruplardan fərqli olaraq, azərbaycanlılar heç vaxt yəhudilərə ögey münasibət göstərməyib. Azərbaycandan kənarda yaşayan qismən az adam yəhudi icmasının Azərbaycanda oynadığı diqqətəlayiq rol barədə bilir.
 
Qürurla qeyd edə bilərəm ki, Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasına çox böyük yaxınlıq və hörmət göstərir. Azərbaycanda Prezident İlham Əliyevin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazdakı ən böyük yəhudi təhsil mərkəzi inşa edilmişdir.
 
Növbəti üç ayda, Cənubi Qafqazda, eləcə də Azərbaycanda misli görünməyən yəhudi şəhəri olan Qırmızı qəsəbədə dağ yəhudilərinin ilk muzeyi açılacaq. Əsrlər boyu dağların arasında yerləşən yəhudi icması müsəlman əhali ilə birlikdə uğurla inkişaf edib.
 
Azərbaycanın şimalında yerləşən Qırmızı Qəsəbə, qədim kənd kimi ölkənin əsl qürur mənbəyi, İsrail və ABŞ xaricində yeganə yəhudi yaşayış məskənidir.
 
Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin təməlində durur. İsrail dövləti Azərbaycan rəhbərliyinin yəhudi icmasına münasibətdə oynadığı rolu yüksək qiymətləndirir. Bu hörmət və tərəfdaşlıq ənənəsi olmasaydı, Azərbaycan ilə İsrail arasında yaxın ikitərəfli münasibətlər ola bilməzdi.
 
İki dövlət, həmçinin Azərbaycanla yerli yəhudi icması arasındakı münasibətlər sadəcə qarşılıqlı maraq prinsipi üzərində qurulmayıb. Ümumi dəyərlər və ortaq tarix müasir dövlətlərarası münasibətləri əhatə edir. Hər iki ölkə üçün insanlararası əlaqələr və dini dözümlülük xarakterikdir.
 
Azərbaycan hər zaman harmoniyanın, eləcə də istənilən məsələnin zorakılıq və mübahisə olmadan həllinin mümkünlüyü nümayiş etdirib.
 
 
Arye Qut,
 
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik, The Jerusalem Post qəzetinin siyasi şərhçisi