“İsraildə Gülüş Liqası”nın qalibi Azərbaycan komandası olub
25 Noyabr, 16:24   |    Baxış sayı: 51

“İsraildə Gülüş Liqası”nın qalibi Azərbaycan komandası olub

2019-cu ildə "İsraildə Gülüş Liqası"nın II mövsümündə Azərbaycandan olan "Yağ kimi" ("Как по маслу") komandası qalib gəlib.

Son oyun İsrailin cənubunda, Aralıq dənizi sahilində yerləşən və xüsusi hərarətli, rahat əhvali-ruhiyyəsi ilə fərqlənən Aşdod şəhərində keçirilib. Final mərhələsində Azərbaycan komandasından başqa, İsrailin "Müxtəlif şəhərlərin yığması" ("Сборная разных городов") və "Elə də bilirdim" ("Я так и знала"), həmçinin Ukraynadan gəlmiş "İzyumovlar" ("Изюмовы") adlı komandalar iştirak ediblər.
Azərbaycan komandasının üzvləri çıxışlarının ilk dəqiqəsindən tamaşaçıların və münsiflər heyətinin rəğbətini qazanıblar. Onların parlaq yumoru, mükəmməl mətnləri, kəsərli materialı sərbəst və düzgün üslubda təqdim etmələri gur alqışlarla qarşılanıb.

Yarış zalındakı azarkeşlər arasında Knessetin deputatı Yevgeni Sova, Aşdod şəhər merinin müavini Eli Naxt, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Mətanət Vaqiyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Səlhət Abbasova və məsləhətçisi Nübar Həsənova, "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak, "Azİz"in Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman, "Azİz"in Aşkelon şöbəsinin rəhbəri İlya Moskoviç, assosiasiyanın idarə heyətinin üzvləri və fəalları da olublar. Həmyerlilərimizin bütün çıxışı ərzində zalda Azərbaycan bayraqları dalğalanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi "Yağ kimi" komandasının üzvləri Səməndər Rzayevi, Valeh Dayanovu, Emil Dalivalovu, Qalib Musayevi, Elmir Orucovu, Tamerlan Nağıyevi, komandanın kapitanı Cavid Şahbazbəyovu, məşqçi Marina Ostrovskayanı (İsrail), həmçinin bu parlaq qələbəyə öz töhfəsini vermiş hər kəsi təbrik edir, yeni-yeni müvəffəqiyyətlər arzulayır.