İsrailin Azərbaycandakı səfiri Dövlət Komitəsində olub
11 Noyabr, 16:28   |    Baxış sayı: 47

İsrailin Azərbaycandakı səfiri Dövlət Komitəsində olub

Diasporla İş üzrə Dövlət Komitəsində İsrailin Azərbaycanda diplomatik fəaliyyəti başa çatmış fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüş keçirilib.

Dövlət Komitəsinin sədri Fuad Muradov səfirə Azərbaycanda çalışdığı müddətdə Komitə ilə uğurlu əməkdaşlığa görə minnətdarlığını bildirib, ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini bir daha diqqətə çatdırıb.

Səfir də, öz növbəsində, iki ölkə arasında diaspor siyasəti sahəsində münasibətlərin uğurla inkişaf etdiyindən məmnunluq ifadə edib, ölkəmizdəki fəaliyyəti müddətində əməkdaşlığın daha da dərinləşdiyini qeyd edib.

Görüşdə İsraildəki Azərbaycan diaspor təşkilatlarının və Azərbaycandakı yəhudi icmasının fəaliyyətinə bir daha nəzər salınıb, onların dostluq münasibətlərinə, əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfələr verdiyi bildirilib.

Azərbaycan xalqının tolerant və sülhsevər olduğunu deyən səfir hər zaman yəhudilərin azərbaycanlılarla dostcasına yaşadığını bildirərək, burada çalışmaqdan məmnun olduğunu, çoxlu dostlar qazandığını, ümumiyyətlə, Azərbaycanın onda böyük təəssürat yaratdığını diqqətə çatdırıb.

Komitə sədri səfir Dan Stava gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonda səfirlə xatirə şəkli çəkilib.