Nantdakı
16 Dekabr, 15:42   |    Baxış sayı: 210

Nantdakı "Qarabağ" məktəbinin hesabatı təqdim olunub

Fransanın Nant şəhərindəki "Qarabağ" Azərbaycan məktəbində hesabat xarakterli toplantı keçirilib.
Məktəbin müəllim-şagird heyətinin və valideynlərin qatıldığı tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb. Toplantıda Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Azərbaycan Fransa Mədəniyyət Assosiasiyasının sədri və "Qarabağ" Azərbaycan məktəbinin layihə rəhbəri Toğrul Zeynalov, məktəbin direktoru Leyla Həmidbəyli, Azərbaycan dili və ədəbiyyatı müəllimi Səma Allahverdiyeva, məktəbin idarə heyətinin üzvü Reyhan Qasımova çıxış ediblər. Onlar qısa müddət ərzində görülən işlərdən, tədris proqramından və şagirdlərin əldə etdikləri uğurlardan, onların milli ruhda tərbiyə olunmasından danışıblar. Qeyd edilib ki, Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi istiqamətində atılan addımlar sayəsində "Qarabağ" Azərbaycan məktəbinə maraq gündən-günə artır və bu uğur düşmənimizi ciddi narahat edir. Çünki, Avropanın mərkəzində, Fransanın "yaşıl paytaxtı" adlandırılan Nant şəhərində "Qarabağ" Azərbaycan məktəbi fəaliyyət göstərir və onun üzərində dövlətimizin üçrəngli bayrağı dalğalanır.
Tədbirdə çıxış edən valideynlər məktəbin fəaliyyətindən məmnun olduqlarını və razı qaldıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, məktəbdə fransız dili üzrə kursların açılması çox faydalıdır və bu, fransız cəmiyyətinə inteqrasiya etmək yolunda daha bir problemin aradan qaldırılması deməkdir.
Sonra məktəbin fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub, eləcə də Fransada yaşayan soydaşımız - tanınmış fotoqraf Reza Deqatinin məktəbə hədiyyə etdiyi Azərbaycanla bağlı kitablar valideynlərə və şagirdlərə təqdim olunub.
Xatırladaq ki, Nant şəhərində "Qarabağ" Azərbaycan məktəbi Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə yaradılıb.
 
Diasporpress.az