Niderlandda Azərbaycan qadınlarından danışılıb
11 Mart, 15:06   |    Baxış sayı: 353

Niderlandda Azərbaycan qadınlarından danışılıb

Diasporpress.az xəbər verir ki, Niderlandın Brabant əyalətinin Nijmegen şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Tədbirdə çıxış edən Avropa Azərbaycanlıları Konqresinin üzvü, əyalətdə fəaliyyət göstərən Azərbaycanlılar Mərkəzinin sədri Ofelya Babayeva qonaqlara ölkəmizdəki qadınların həyatından, onların cəmiyyətdə tutduqları mövqedən, kişilərlə bərabər hüquqa malik olmalarından ətraflı məlumat verib.

102 il öncə – 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bütün vətəndaşların bərabər hüquqlarının tanındığı, xüsusilə qadınlara seçki hüququnun verildiyi, tarixi Vətənimizin bu məsələdə Qərbin inkişaf etmiş ölkələrini, o cümlədən ABŞ və Fransanı da qabaqladığı vurğulanıb.

Müasir dövrdə Azərbaycan xanımlarının Avropa ölkələrinə inteqrasiya etdiklərinə, müxtəlif sahələrdə çalışmaqla böyük uğurlar qazandıqlarına diqqəti cəlb edən natiq şəxsən özünün Niderland şirkətlərinin birində 15 ildən çox aparıcı mütəxəssis kimi işlədiyini bildirib. Rəhbərlik etdiyi Brabant əyaləti Azərbaycanlılar Mərkəzinin yerli ictimaiyyətə Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində ardıcıl işlər apardığını vurğulayıb. Təskilatın vitse-prezidenti Cəmilə Məmmədovanın Azərbaycan musiqisinin, rəqslərinin və mətbəx nümunələrinin təbliğ olunması məqsədilə yerli bələdiyyələrlə birgə layihələr həyata keçirdiyi, sərgilər təşkil etdiyi, Brabant əyalətində məskunlaşmış azərbaycanlıların bir araya gəldikləri Mərkəzin hər yerdə tarixi Vətənimizi layiqincə təmsil etdiyi barədə danışılıb.

Əyalətin Waluwe TV kanalının martın 8-də baş tutmuş tədbirdən hazırladığı süjet gün ərzində dəfələrlə yayımlanıb. Süjetdə bu əlamətdar tarixin Azərbaycanda da bayram edildiyi nəzərə çatdırılıb.