Polşada 20 Yanvar və Xocalı faciələrinin ildönümləri ilə bağlı tədbir keçirilib
18 Fevral, 11:30   |    Baxış sayı: 342

Polşada 20 Yanvar və Xocalı faciələrinin ildönümləri ilə bağlı tədbir keçirilib

Varşavada 20 Yanvar faciəsinin 30-cu və Xocalı soyqırımının isə 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycanın Polşadakı səfirliyi və Polşa Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə yerli dövlət orqanlarının, ictimaiyyətin nümayəndələri və diasporumuzun üzvləri iştirak ediblər.

Ölkəmizin Polşadakı səfiri Həsən Həsənov çıxışı zamanı Azərbaycanın tarixi, onün müxtəlif dövrlərdə üzləşdiyi faciələr, XX əsrdə xalqımızın dörd dəfə soyqırımına məruz qaldığı barədə geniş məlumat verib.

Rusiya bolşevikləri və erməni daşnaklarının 1918-ci il 31 mart və 1920-ci il Gəncə qırğınları törətdikləri, ermənilərə havadarlıq edən SSRİ rəhbəri Mixail Qorbaçovun göstərişi ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya yeridildiyi və Qarabağ münaqişəsinin həllini tələb edən dinc əhaliyə amansız divan tutulduğu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sonradan Ermənistanın prezidentləri olmuş Robert Koçəryan və Serj Sarkisyanın başçılığı ilə erməni silahlı dəstələrinin Rusiyanın 366-cı motoatıcı alayının hərbçiləri ilə birgə Xocalı şəhərinə daxil olaraq mülki əhaliyə - yerli azərbaycanlılara qarşı əsl soyqırımı törətdiyi vurğulanıb.

Səfir xatırladıb ki, Xocalı soyqırımı nəticəsində 613 nəfər (63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca) həlak olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb (76 uşaq), 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.

Dünya dövlətlərinin biganəliyi səbəbindən işğalçı Ermənistanın törətdiyi cinayətlərə görə cəzasız qaldığı, bənzər cinayətlərə yol vermiş digər dövlətlərlə müqayisədə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədiyi vurğulanıb və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn normaları əsasında ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd olunub.

Polyak general M.Sulkeviçin və azərbaycanlı polkovnik V.Yadigarın Azərbaycan və Polşa ordularında xidmət etdikləri, ölkələrimizin müstəqilliyi uğrunda mübarizə apardıqları yada salınıb.

Sonra Polşanın Lublin Voyevodluğunun Lübelski Povyatının rəhbəri Zdislav Antonun tədbir iştirakçılarına ünvanlandığı məktubu oxunub, Qnejno şəhər merinin müavini Mixal Povalovski, Teres qminasının voytunun müavini Marek Javorski, Varşava Universitetinin Avropaşünaslıq İnstitutunun əməkdaşı Pavel Stavarz, Polşadakı "Qafqaz evi”nin rəhbəri Hicran Əliyeva, polşalı hüquqşünas Emilia Steçkieviç, bu ölkədə təhsil alan azərbaycanlı tələbə Atilla Bayramov çıxış ediblər. Natiqlər xalqımıza qarşı törədilmiş faciələrə münasibətlərini bildiriblər.

Tədbirdə 20 Yanvar faciəsinə həsr edilmiş videoçarx nümayiş olunub. Sonda tədbir iştirakçıları polyak dilində "20 Yanvar - Azərbaycan xalqının soyqırımıdır” sözləri yazılmış plakatları qaldırıblar.

Qeyd edək ki, səfirliyin 20 Yanvar faciəsi barədə məlumatları özündə əks etdirən bəyanatı Polşanın seym üzvlərinə, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinə, nüfuzlu KİV rəhbərlərinə göndərilib.

Bundan başqa, Varşava Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar iki anım tədbiri keçirilib.
 Diasporpress.az