Qod Nisanov İlham Əliyevin çağırışına qoşuldu
24 Mart, 20:48   |    Baxış sayı: 346

Qod Nisanov İlham Əliyevin çağırışına qoşuldu

Koronavirus pandemiyası bütün dünya üçün böyük təhlükə olduğu indiki mürəkkəb vaxtda ölkə rəhbərliyinin vətəndaşların sağlamlığını və Vətənin həyati vacib maraqlarını qorumağa yönəlmiş səylərini dəstəkləmək çox vacibdir.

Bu çətin anlarda Prezident İlham Əliyevin çağırışına ölkəmizin biznes strukturları fövqəladə həmrəylik nümayiş etdirirlər. Bu günlərdə yüzlərlə irili-xırdalı şirkət və sahibkarlardan dəstək gəlir, koronavirusla mübarizəyə milyonlarla manat həcmində ianələr ayırılır.


Ölkə rəhbərliyinin çağırışı Azərbaycanın hüdudlarından kənarda da eşidilməkdədir. Dar gündə Vətəninə yardım əlini uzatmağa hazır olan soydaşımız - Rusiyanın nüfuzlu iş adamı Qod Nisanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı ilə  yaradılmış Fonda 2 000 000 manat vəsait köçürüb.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi dünyanı ağuşuna almış bu bəlanın Azərbaycanda yayılmasının qarşısının alınmasına, xəstəliklə mübarizə tədbirlərinə maliyyə yardımı göstərməkdir. Fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərəcək.


Diasporpress.az