Soydaşlarımızın narazılığı avstraliyalı parlamentarinin nəzərinə çatdırılıb
04 Noyabr, 15:33   |    Baxış sayı: 62

Soydaşlarımızın narazılığı avstraliyalı parlamentarinin nəzərinə çatdırılıb

Avstraliyanın Yeni Cənubi Uels ştatının millət vəkili Hyu MakDermotla azərbaycanlı icmanın nümayəndələrinin görüşü keçirilib. Görüşdə Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) rəhbəri Mikayıl Oyta, Azərbaycan Ticarət-Sənaye Palatasının Avstraliya üzrə nümayəndəsi Nizami Cəfərov və digər soydaşlarımız iştirak ediblər.
Həmvətənlərimizi bu görüşə sövq edən avstraliyalı deputatın erməni seçicilərinin təsiri altına düşərək, işğal olunmuş ərazilərimizə səfər etməsi və Dağlıq Qarabağ münaqişəsinə dair Yeni Cənubi Uels parlamentində qərəzli bəyanatlar səsləndirməsi olub.
Görüş zamanı Hyu MakDermotun nəzərinə çatdırılıb ki, onun bu addımı Avstraliya-da yaşayan azərbaycanlı icmasının ciddi narahatlığına və narazılığına səbəb olub. Soydaşlarımız Avstraliya hökumətinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qəti şəkildə dəstəklənməsinə dair rəsmi mövqeyini deputata xatırladıblar.
Bundan başqa, Dağlıq Qarabağ münaqişəsi, erməni silahlı qüvvələrinin ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal etdiyi, bir milyona yaxın azərbaycanlının öz dədə-baba torpaqlarından didərgin salındığı barədə avstraliyalı parlamentariyə ətraflı məlumat verilib. Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların erməni qoşunlarının Azərbaycan ərazilərini tərk etməsi barədə qəbul etdiyi qətnamələrə və qərarlara baxmayaraq, Ermənistan rəhbərliyi bu istiqamətdə heç bir konstruktiv addım atmır.
Hyu MakDermot bildirib ki, azərbaycanlı icmasının nümayəndələri ilə görüşdən çox məmnundur, çünki bu, ona Azərbaycan və orada baş verən proseslər, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə daha geniş məlumat əldə etmək imkanı yaradıb. Deputat soydaşlarımızın onunla sıx əlaqə saxlamasını xahiş edib. Sonda gələcəkdə baş verə biləcək narazılığın və informasiya yanlışlıqlarının qarşısının alınması məqsədilə tərəflər arasında təmasların bundan sonra mütəmadi olaraq təşkili barədə razılıq əldə edilib.
Qeyd edək ki, sentyabrda AAA rəhbəri Mikayıl Oyta deputata etiraz məktubu ünvanlayaraq, bütün məsələlərə aydınlıq gətirilməsi üçün azərbaycanlı icmanın nümayəndələri ilə görüş tələb etmişdir. Məktuba cavabında deputat təmsil etdiyi ştatda yaşayan azərbaycanlı və erməni icmalarının həyatı ilə bağlı məsələlərlə ciddi şəkildə maraqlandığını qeyd etmiş və narazılıq doğuran məsələləri müzakirə etmək üçün soydaşlarımızla görüşməyə hazır olduğunu bildirmişdir.