Ulyanovskda Respublika Günü qeyd olunub
04 İyun, 12:26   |    Baxış sayı: 129

Ulyanovskda Respublika Günü qeyd olunub

Rusiyanın Ulyanovsk şəhərinin "Kindyakovka” mədəniyyət sarayında 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Bayram tədbirini Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti (URAMMM) və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Ulyanovsk nümayəndəliyi təşkil edib.

Təntənəli gecəni giriş sözü ilə açan və qonaqları salamlayan URAMMM-ın sədri İslam Hüseynov bildirib ki, 28 may – dövlətçilik tariximizdə mühüm gündür: "Harada yaşamağımızdan, hansı ölkənin vətəndaşı olmağımızdan asılı olmayaraq, bu tarix qəlbimizə xüsusilə əzizdir. Biz özümüzü tariximizin güclü mənəvi və mədəni köklərindən bəslənən vahid millət kimi hiss edirik. Şadam ki, Ulyanovskdakı azərbaycanlılar bu vilayətin inkişafı üçün töhfələr verən güclü icmada birləşiblər”.

Qubernator administrasiyasının millətlər və konfessiyalararası işlər üzrə idarəsinin rəisi Sergey Paxovski deyib ki, Azərbaycan diasporu növbəti dəfə onları maraqlı hadisələrlə sevindirir: "Azərbaycanlılar – çox xeyirxah, ağıllı, gözəl mədəniyyəti olan xalqdır”.

O, vilayətin inkişafına və xalqlar arası dostluğa xüsusi töhfələr verən azərbaycanlı icmasına minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsində ölkəmizin tarixi barədə film, Azərbaycanın xalq artisti Emin Ağalarovun "Mənim Azərbaycanım” klipi, URAMMM-ın nəzdində fəaliyyət göstərən Azərbaycanlıların Tələbə Klubunun müasir üslubda səhnələşdirdiyi "Ələddin” tamaşası göstərilib.